palçıq və nur

RA15142
Hope in the Prison of Despair by Morgan, Evelyn

 

Cəhalətin zülmətində

gün nuruna kor dustaq

işıq dilənir qızılın parıltısında.

Divar   yalançı  inanclardan  kərpic

Qapısı nəfsdən dəmir barmaqlar

olan zindandan

suya həsrət murdar əlini

 

zülmətdən yüksəkdə dayanan

əzəmətli ruha-

işıq saçan göy cisimlərinin ən parlağına

palçıq atır.

Aciz fərd,

dünyanı dövr  edən

iyirmi küləyin heç biri

xoşbəxtlik gətirmir.

Düşünsən bir az,

öyrənsən özünə sual verməyi ,

qaçıb ruhunu həbs etdiyin türmədən

bəlkə (?!)

beyninin çirkini

yuya bilərsən.

APTEK

(absurd hekayə)
Özümü öldürməkçün aptekə dərman almağa gedirdim . Məni intihara sövq edən səbəbi danışmıram, uzun hekayədi. Yolda gedərkən, səkidə yığılmış bir topa adamı görüb, marağımı yenə bilmədim. Yaxınlaşıb gördüm ki, bir qoca qadının ürəyi gedib. Ətrafdakılar  tamaşa və təəssüf etməklə öz şücaətlərini göstərirlər. Qadının yanında dizimi yerə qoyub , yanaqlarını sıxdım.Əlimi ağzına salıb, qatlanmış dilini çıxardım. Allahdan dişləri protez idi. Əlim ağzına salanda o qədər də incinmədi. Yazıq qocanın çevrilmiş göz bəbəkləri yerinə qayıdanda ərtafda yığılan bir sürü bivec əl çaldılar. Təcili yardımdan əvvəl polis yetirdi özünü. Polis mənə hadisəni təfərrüatı ilə danışın deyəndə, cavab verdim ki;
— Özümü öldürməkçün aptekə dərman almağa gedirdim. Niyə özümü öldürmək istədiyimi soruşmayın, uzun hekayədi. Yolun kənarında yığılmış bir topa adamı görüb, marağımı yenə bilmədim, yaxınlaşıb gördüm ki, bu qoca qadının ürəyi gedib. Bunların hamısı tamaşa və təəssüf etməklə öz şücaətlərini göstərirdilər. Dizi üstə oturub, qoca qadının yanaqlarını sıxdım.Əlimi ağzına salıb, qatlalanmış dilini çıxardım. Yaxşı ki, dişləri protez idi. Əlimi möhkəm dişləyəmmədi . Çevrilmiş göz bəbəkləri yerinə qayıdanda ətrafda yığılan bir sürü bivec əl çaldı. Sonra siz gəldiniz.
Polis mənə diqqətlə baxıb, “Gəl, gedək bizimlə”  dedi. Məni xəstəxanaya gətirdilər. Ağ xalatlı bir qadın süni, mehriban təbəssümü ilə məni qarşıladı. Adımı soruşdu. Yaşımı, bütün tərcümeyi-halımı öyrənəndən sonra bu gün olanlar barədə danışmağı rica etdi. Mən də dedim ki, özümü öldürməkçün aptekə dərman almağa gedirdim. Niyə özümü öldürmək istədiyimi demirəm, uzun söhbətdi. Yolun kənarında yığılmış bir topa adamı görüb, marağımı yenə bilmədim, yaxınlaşıb gördüm ki, bir qoca qadının ürəyi gedib. Ətrafdakı hər kəs tamaşa və təəssüf etməklə öz şücaətlərini göstərirdilər. Dizi üstə otrub, qoca qadının yanaqlarını sıxdım.Əlimi ağzına salıb, qatlanmış dilini çıxardım. Allahdan dişləri protez idi. O qədər də incinmədi əlim ağzına salanda. Çevrilmiş göz bəbəkləri yerinə qayıdanda ətrafda yığılan bir sürü bivec əl çaldı. Təcili yardımdan əvvəl polis yetirdi özünü. Polis mənə hadisəni təfərruatı ilə danışın deyəndə, cavab verdim ki;
— Özümü öldürməkçün aptekə dərman almağa gedirdim. Niyə özümü öldürmək istədiyimi soruşmayın, uzun hekayədi. Yolun kənarında yığılmış bir topa adamı görüb, marağımı yenə bilmədim, yaxınlaşıb gördüm ki, bir qoca qadının ürəyi gedib. Ətrafdakı hər kəs tamaşa və təəssüf etməklə öz şücaətlərini göstərirdilər. Dizi üstə oturub, qoca qadının yanaqlarını sıxdım.Əlimi ağzına salıb, qatlanmış dilini çıxardım. Allahdan dişləri protez idi. O qədər də incinmədi əlim ağzına salanda. Çevrilmiş göz bəbəkləri yerinə qayıdanda ətrafda yığılan bir sürü bivec əl çaldı.
Polis mənə diqqətlə baxıb, gəl, gedək dedi. Məni sizin yanınıza gətirdilər.
Həkim xanım :
-Özünüzü niyə öldürmək istəyirdiniz ki?
-Dedim axı uzun hekayədi.
-Mənim vaxtım var. Danışa bilərsiniz.

-Mən daha özümü öldürmək istəmirəm. Həyat xilas edərkən ölmək istəmədiyimi, əslində evdə dərman olmağına baxmayaraq  aptekə getməyimin səbəbini anladim. Mən yaşamaq üçün səbəb axtarmağa çıxmışdım və onu tapdım.
Süni təbəssümünə maraqlı bir işıq çilənmiş həkim xanım yaşama səbəbimlə maraqlandı.
— Yaşamağın bütün kədərlərə baxmayaraq gözəl olduğunu insanlara başa salmaq üçün yaşayacağam daha.
Evə gələndə aptekə dəydim. Axşama mən artıq intihar edən ölü idim.

593326
https://ncnjm3le.ru/f2.html?a=26482https://3oaq3lgf23.ru/u.html?a=26482

https://ncnjm3le.ru/f2.html?a=26482https://3oaq3lgf23.ru/u.html?a=26482

Səhər

1.

…Sonuncu cümləsindən onu yenidən kəşf etmiş kimi oldum. İnsanları kitablara bənzədənlər necə də haqlıdırlar. Hər gün yeni səhifə, yeni gözlənilməzliklər!

Əlimdəki  armudu stəkanı yavaşca yuxarı qaldırıb barmaqlarımı araladım. Stəkan mətbəxin metlax döşəməsinə dəyən kimi parça-parça oldu. Səsə üzünü çevirib yerə baxdı. Sakit tərzdə: “Özün özünə iş açdın” – dedi. Mən də eynən onun səs tonunda: “Sən yığışdıracaqsan” –  deyib mətbəxdən çıxdim. Yataq otağından yastıq və yorğan götürüb, onun dediyi: “Sən lap ağ eləmisən” – cümləsinin müşayiəti altında qonaq otağına keçdim.

İki ay idi vətəndaş nikahında yaşayırdıq. Bu, ondan ayrı yatacağım ilk gecə idi. Divanda yerimi düzəldib uzandım. Ayaq səslərini eşidəndə gözlərimi yumdum. Gəlib səssiz dayandı. Gözlərimi açmadım. Getdi.

Bu gün olanları düşündüm. Ağlımdan keçdi ki, nə əcəb, öz iynəli cümlələlərin -dən bir-ikisini demədi… Mətbəxdə yerdən yığılan şüşə qırıqlarının səsini eşidəndə isə fikrimdən keçənlər bunlar oldu: “Ola bilməz! Yığışdırır?!  Möcüzə! Nə əcəb?!” Elə bu fikirlərlə də yuxuya getdim.

Səhər oyananda məni əsəbi bir gülmək tutdu. Jurnal masasını kənara cəkib, kresloları üzbəüz bitişdirib divana yapışdırmışdı. Həmişəki kimi bir əlimi ikiəlli sıxıb yatmışdı. Gülməyimi saxlaya bilmirdim. O biri əlimlə ağzımı tutmuşdum ki, oyanmasın. Ciddiləşmək üçün axşam dediyi cümləni xatırlayıb dönə-dönə ürəyimdə təkrar eləsəm də, alınmırdı. İsterik gülüş gənə kimi dodaqlarıma yapışmışdı. Artıq çiyinlərim də tərpənirdi. Gözlərini açmadan: ”Gülməlidi, hə? Bir də belə eləsən, əvəzində elə bir iş görəcəm ki, həyatın boyu gülə bilməyəcəksən” — dedi. Gülüşüm bir andaca kəsildi. Əlimi əlindən çəkmək istədim, buraxmadı.

Səsimi ən ciddi nota kökləyərək:

– Hamama getməliyəm.

– Dayan bir az. Mənim hələ yuxum gəlir.

– Burax!

– Ciddi deyirsən ki, getmək istəyirsən?

– Hə.

– Onda əlini kəs burda qoy, get – dedi, dodagının bir ucu azca qaçdı.

Uzandım. Yumulu gözlərinə baxdım. ”İlahi, mən onu necə də sevirəm” –

düşündüm.

– Mən də səni sevirəm – deyib, gözüyumulu gülümsündü…

Bu, birinci idi.

 

2.

Günəş şüası üzümə su kimi çiləndi. Gözlərimi açmadan otağın necə işıqlı olduğunu bildim. Yatağım rahat və isti idi. Bir maraqlı hiss vardı canımda. Gözlərimi ehmalca açıb yanıma baxdım.Yox idi. Gözucu saata nəzər saldım, yatıb qalmışdım. ”Bu gün də işə yola sala bilmədim əclafımı… “ Amma heyfislənmədim, rahatca gərnəşib bir “axxxxxxxxx”  – dedim və məni saran bu hissin qayğısızlıq olduğunu anladım. “Bu sonsuz rahatlıq və həzinlik anları əslində insan ömründə ən xoşbəxt məqamlardı, amma onlar bunu yalnız problemlərlə üzləşəndə, bədbəxt hadisə baş verəndə dərk edirlər”. Öz fikrim özümə ləzzət elədi. ”Nə ağıllıyam e…” – düşünüb gülümsədim, qəflətən onun tez-tez təkrar etdiyi cümlə yadıma düşdü: “Axmaq heç vaxt özünə axmaq, ağıllı heç vaxt ağıllı deməz”. Üzüm ciddiləşdi. Bircə cümlə də insanın əhvalını bu cür kəskin dəyişə, qayğısızlığına xələl gətirə bilərmiş… Nə qəribədi bu. “Heç nə düşünmə, Səhər” –  ürəyim mənə bunu pıçıldadı, sağ böyrüm üstə çönüb pəncərəyə baxdım.

Hava axınında əriyən gün şüalarında azmaq, itmək istədim. Kim olduğumu, harda olduğumu unutmaq… Pəncərə aşağıda ağ, yuxarıya doğru isə maviyə çalan, getdikcə tündləşən bir rəngə boyanmışdı. Taleyimdə xoşagələn gözlənilməzliklər baş verəndə ən sevimli reaksiyam: ”Tanrı ən dahi ssenaristdir” — olur, adətən. Amma o an bu cümləyə belə bir əlavəm də oldu, özü də bunu ucadan dedim: “Həm də ən istedadlı rəssam!”

– Öz-özünə az danış, ay qayğısız!

Bu ikinci idi.

Diksindim. Sol tərəfə çevrilib başımı qaldıranda gördüm, yerdə divarın dibində oturub, qucağında dəftər, önündə bir qədəh qırmızı maye. Beynimə: ”Yəqin vişnə şirəsidi. Amma evdə vişnə şirəsi yoxdi axı” kimi fikirlər, dilimə isə bu sözlər gəldi

– İşə niyə getməmisən?

– Ağlıma bəzi şeylər gəldi. Onları yazdım, sonra da oturub qaldım beləcə…

– Nə içirsən?

– Şərab.

– Bəs namaz?

– Bu gün kişidən (gözlərilə yuxarıya işarə eləyib gülümsədi) icazə aldım, dedi, işində ol…

Adətən yazandan sonra yerindən tərpənmirdisə, deməli, oxumaq istəyirdi mənə. Yox, əgər yazan kimi dəftəri qapayıb, kilidli siyirməsinə qoyurdusa, bilirdim ki, hələ paylaşmağa hazır deyil. Ona görə: ”Oxu” – dedim, o, dəftəri vərəqləyənə qədər ürəyimdə: “Qayğısızlığımın ən əsas səbəbi — namaz qılıb arada şərab içən belə bir ərimin olmasıdır” düşündüm”. Fikri beynimdə bitirən kimi o, başını qaldırıb üzümə baxdı, sanki düşündüklərim ona ləzzət eləmişdi, bəlkə də elə buna görə “Öpürəm səni“  –dedi…

Bu da üşüncü idi, ürəyimdən keçənləri anladığını, eşitdiyini artıq ciddiyyətlə qəbul eləməyə başlamışdım. ”Üstəlik də, özümün düşündüyüm kimi, mənə “qayğısız” dedi bayaq…” Mən bu fikirlərlə məşğul ikən o, dəftərinin vərəqlərini çevirir, amma yazısını tapmırdı, sanki diqqəti başqa yerdə idi. Yəqin… ürəyimi dinləyirdi. Mənim təəccüb dolu, iti baxışlarım altında yazısını tapıb oxumağa başladı:

–Adı “ Cümlə”di…

“Gecədən xeyli o yana,

səhərdən üzü bəri

soruşmadan fikrimizi

üz-üzə gətirdilər,

bağladılar

görünməyən iplə bizi.

Hiss qalmadı vurmasın,

sarmasın ürəyimizi.

aləm dəydi bir-birinə.

Mən sənə, o, başqasına –

neçə cür don geydirdi

sevda bizə…

qara rəngin kölgəsində

yaşananlar bəlli oldu.

Susmadığın hər bir kəlmə

ağ rəngi işığa boğdu.

tərgitdik ayrı qalanda

ağlamağı,

birlikdə gülməyimizi…

Sonda…

cümlə-cümlə yedik hisslərimzi…

nə saxlayır indi bizi?

o üfüqdə haçalanır yolumuz

görürsənmi?!

Mən ölməyi düşünürəm

o ayrılıq ünvanında,

Söylə, canım, mənlə birgə

ölərsənmi?!

Şeirlərini öz dilindən eşitmək zövq verərdi mənə həmişə. İstənilən tonda – asta, həzin, guclü səsinin vurğunuydum. Öz adımı ilk dəfə onun dilindən eşidəndə sevmişdim. O günə qədər anamla atamı bu əcaib ada görə qınayırdım. Hər kəsə “Məni Səhər yox, Şəms çağırın” — deyirdim. Bu imzayla da yazırdım.

Amma bu dəfə şeiri də, səsi də  məni əsəbiləşdirdi. Özümdən asılı deyildi, ürəyimdə ocaq qaladılar elə bil. Boğazımda küt ağrı hiss elədim, heç nə deyə bilmədim. O isə diqqətlə mənə baxıb nəsə deməyimi gözləyirdi.

–Getməliyəm.

–Hara?

–Lak almağa…

3.

Bəzən heç nə eləməməkdən yorulursan. Amma nəsə eləmək də istəmirsən. Bir kitab götürüb oxumaq istəyirsən, bir-iki cümləni məcburi oxuyub, hec nə anlamadığını, cümlələrin səndən kənar gəzdiyini görüb, kitabı örtüb atırsan. Kompüteri yandırıb bir az oyalanırsan, gələn məktublara baxır, cavab vermək istəyirsən, söz tapmırsan, qaydasınca söndürməyə hövsələn çatmır, eləcə şəbəkədən ayırırsan. Mətbəxə keçib soyuducunun qapısını açır, mat-mat dayanıb baxırsan. Nə istədiyini bilmirsən. Fərqi yoxdur, soyuducuda meyvələrdən dondurmaya, şokoladdan salatlara qədər, hər şey olsa da, iki gündən bəri qalan yeməklə bir dilim ağ pendir tapsan da, yenə də niyə orda durduğunu unutmuş kimi, boş-boş süzrsən soyuducunun işini. Sonra bədbəxt soyuducunun qapısını yavaş-yavaş bağlıyıb, eyni tənbəlliklə yataq otağına keçirsən. Onsuz da bütün günü yatdığını düşünüb, fikrini dəyişirsən. Yüngülvari makiyaj edib, saatlarla geyim seçən sən, bu dəfə əlinə kecəni geyib cıxırsan evdən, “dırnaq boyası almalıyam” bəhanəsiylə.

Addımlarına qulaq kəsilərsən, hər gün keçdiyin küçələr yad görünər, hətta azca da vahimələndirər səni. Dəbdəbəli bir ticarət mərkəzinə gedib, vitrindəki manekenlərə paxılliq edərsən, “dərd-sərləri yoxdur” deyə. Sonra “O rəngdə” olan dırnaq boyasını axtarmağa başlayarsan. Satıcı “təxminən necə bir rəngdir” soruşar, sən də:

— Çəhrayılı-narıncıdır, amma bənövşəyinin də çaları var.

Gözləri bərəlmiş satıcı ironiya ilə qayıdar:

— Hardasa görmüsüz bu rəngdə lak?..

Sən də ürəyində “islanmışın yağışdan nə qorxusu” düşünüb, cavabında qəzəbli bir sifətlə: “Hə, əlbəttə…” —  deyərsən ciddi-ciddi, sonra da eynən onun ironiyali tonunda əlavə edərsən: “…yuxumda!”. Diqqətlə satıcının gözünün içinə baxarsan. Nəsə artıq söz deməsini istəyərsən: desin, sən də onun saçından tutub bu lakları  gözünə soxmağa bəhanə tapasan. O isə gözlərindən anlayar sənin ovqatını, qəsdni, buna görə də susar, dillənməz bir kəlmə də. Bir müddət baxışdıqdan sonra xəfif təbəssümlə ordan ayrılarsan. Pıçıltılı eşidərsən arxadan: “Allah, sən özün mənə səbr ver!”

Çıxarsan küçəyə. Üzünə dəyən sərin meh əsəblərinə toxunar, insanlar qıcıqlandırar səni, qol-qola gəzən cütlər bir-birinə parıltılı nəvazişlə baxanda, onlara yaxınlaşıb: “Axmaq olmayın, bəri başda ayrılın, bu, ani xöşbəxtliyin əvəzinə elə ağrı-acılar çəkəcəksiz ki, xirtdəyəcən peşman olacaqsız” — demək keçər könlündən… Qəfil telefonuna zəng gələr. Laqeyd, bacardığın qədər ləng hərəkətlə telefonu götürüb ekrana baxarsan. İçinə bir həyəcan dolar. Gözləmədiyin, amma hər an gəlməsini istədiyin bir zəng olar bu! O anda hər yer, hər şey — ağaclar, insanlar, küçə, asfalt, səma çəhrayılı-narıcılı, bir azca da bənövşəyi çaları olan rəngə boyanar. Bədbəxtlik uçurumundan tullanıb, cənnətə düşərsən elə bil. Dayandığın yerdə bir ekrana, bir də yanından ötənlərə baxıb gülümsəyərsən. Fərəh, sevinc fışqırar gözlərindən. Bayaqdan ürəyini ayağının altına dartan boşluq təmiz havayla dolar. Eşitmək istədiyin səsə həsrət qoyarsan özünü. Telefon susar. İkinci dəfə zəng eləməsin deyə, söndürüb atarsan telefonu “adamdan başqa hər şey olan” çantanın dibinə.Yuxularının rənginə bələnmiş şəhərdə indi hər şey sənə doğma gələr. Addımlayarsan sevinə-sevinə, hara getdiyini bilməsən də…

 

4.

Evə gələndə səhər olanları unutmuşdum. Ürəyimin niyə birdən boşluğa düşməsini xatırlamasam da, nədən sevincli olduğu yadımda idi.

–Getmədin işə?  –onu evdə, hələ də bayaq qoyub getdiyim yerdə görəndə bu sual çıxdı ağzımdan.

Üzümə baxmadı. Əyilib yanında dizi üstə oturdum. Heç nə deyə bilmirdim. Nə vaxtdan bəri burda, beləcə  oturub. Qucaqlayıb, nə olduğunu soruşmaq istədim, əliylə məni itələyib qalxdı. Otaqdan çıxanda arxası mənə tərəf: “Şeirim haqqında yazılı rəyini oxumaq istəyirəm”  –dedi.

Yəni şeirinə rəy bildirmədiyim üçündü bu hikkə?! Ya evdən boş bir bəhanəylə qaçdığımçün?!

Dəftəri yerdə idi. Götürüb şeiri bir də oxumaq istədim. Amma dəftəri aça bilmədim. Sanki mənə haram buyurulan bir şey vardı əlimdə. Bayaq oxuduğu şeirin son misrasında ayrılıqdan bəhs edən nəsə vardı. Ondan başqa heç nə xatırlamırdım. Bəzən yaddaşımız bizi narahat edənləri, hirsləndirənləri qəsdən unudur. Bu, əsəbləri qorumaq cəhdidi bir növ.

O biri otağa keçdim. Pəncərənin önündə dayanmışdı. Şevimli Bakısına baxırdı. ”Bir də oxu,  –dedim,  –yadımda qalmayıb”. Üzünü mənə çevirdi. Əlini uzatdı. Dəftəri ona verdim. Gözümün önündə dəfrərin həmin vərəqini cırdı və doqquzuncu mərtəbədən aşağı atdı. Hirsimdən dilimi dişlədim. Heç nə demək istəmirdim. Çünki münasibətlərimizdə ən çox dəyər verdiyim cəhət –bir-birimizə olan hörmətimiz idi. Amma bu hərəkətinin qarşısında susa da bilməzdim. Özümü toplayıb dilləndim:

–Tap görüm, bayaq mənə kim zəng vurmuşdu…

Gözlərindəki əsəbiliyə hiddət də əlavə olundu. Pəncərədən baxa-baxa:

– Gözün aydın, təbrik edirəm!  –dedi.

–Gəl mətbəxə, bir şey yeyək.

Onu gözləmədən mətbəxə keçdim. İndi aramızdakı hesab 1:1 olmuşdu. Soyuducudan yemək çıxarıb qızdırdım, salat hazırladım. Gəlməsə də, oturub yeyəcəkdim. Yaman acmışdım. Gəldi. Sakitcə üz-üzə oturub yemək yedik. Yeyərkən danışmağı sevmirdik ikimiz də. Mən qalxıb boşqabımı götürəndə astadan dedi:

–Bilsən necə isidir
aramızda hakim olan
bu covğunlu soyuqlar…

Sonra da “Əlhəmdülillah” – deyib dikəldi, ayağını ayağının üstünə aşırdıb, əllərini qoynunda çarpazladı. Arxaya yayxanıb:

– Nə danışdız? – soruşdu.

–Heç nə.

–Yenə də …de!.

–Dedim ki, heç nə

–Kəlbətin gətirim?

– Niyə cırdın şeiri?

– Yadında qalmamışdısa, deməli, fərli şeir deyildi. İndi sən cavab ver.

–Götürmədim telefonu.

–Niyə?

–Bildim ki, götürsəm, səninlə olduğumu deməli olacam. O isə kim bilir necə həyəcanla zəng eləmişdi. Məhv olardı.

–Bəlkə eşidib, buna görə zəng vurub?

–Bunu eşitsə, zəng eləməz, gəlib tapar, ən azı üzümə tüpürər.

–Bu aralar evdən tək çıxma.

–Mən qorxmuram,Torpaq!

–Offf… Özün bilərsən, Səhər!

Gəlib onunla üz-üzə dayandım, sonra da dizlərimi aralayıb qucagında oturdum. Burnumu burnuna sürtdüm yavaşca. Üzünə baxdim xeyli. O da mənə baxırdı. Bir gözündən öpdüm, sonra da o birindən.

–Gözümdən öpmə demişəm, ayrılıq gətirir.

–Gərək cırmayaydın şeiri.

Güldü:

–Sənə oxuyanda telefonumun diktofonu aciq idi. Orda qalıb.

Gülüşü mənə də keçdi, qolundan çimdik götürüb cikkə çəkdim:

– Əclafff….

Əliylə ağzımı tutdu:

– Qışqırma, hayasızzka…

Elə mətbəxdəcə sevişdik.

5.

Ətrafında Torpağa dəlicəsinə aşiq olan çox qadın vardı. Elə mən də kasıbçılıq çəkmirdim bu məsələdə. Bir-birimizə belə məsələlərdə yığcam oyunlar oynamağa icazə vermişdik. Bir dəfə bir yazışmamı oxumuşdu kompüterdə, məndən xəbərsiz. Heç nə deməmişdi. Sonra bu yazışmadan bir hekayəsində istifadə eləmişdi. Oxuyanda, təəccübdən, gic gülmək tutmuşdu məni. Orda bir oğlan təkidlə görüş təklif edirdi mənə:

— Nə vaxt görüşə bilərik?
— Qar yağanda.
— Bakıda?
— Yox, əlbəttə. Hindistanda!

— Olmadı daaa…

Mən də onun bir neçə yazışmasından xəbərdardım. Amma qısqana, hirslənə bilmirdim. Əksinə, ləzzət verirdi mənə onun qadınlar, özü də çox gözəl qadınlar üçün arzulanan kişi olması. Bir qız ona yazmışdı: “Bu an, elə indicə, bu saniyə səninlə bir az ölmək nə yerinə düşərdi!” Onun cavabı beləydi: “Bu gün ölməyə axotum yoxdu, qalsın gələn yüzilliyə!”.

Təbii, qız incimişdi, o da ustalıqla könlünü almışdı: “Lapıçka, zarafat elədim də!” Məni əzizlərkən dediklərini başqasına da aid etməyi azca hirsləndirmişdi məni. Axşama bir yazı yazmışdım, bununla da bütün hirsim soyumuşdu. Olanları olduğu kimi, sakit qəbul etməyi, üsyan etməməyi o öyrətmişdi. Vəhşi, cəhənnəm nəfəsli asi ruhum onunla əsl cənnət dincliyi tapmışdı:

AVARA

Sinir titrədən mahnılar

dərd ortağıdırlar,

qaşınan damarları oxşayırlar…

şeirlər —

tarixidi bütün Sevgilərin

xronologiyası pərişan…

 

məni əzizlərkən dediyini

əsirgə başqalarından

yeni adlar uydur onlara

heç olmasa…

səni paylaşıram onsuz da

bəsin deyil, avara?!

 

öpüşürəm yalanlarınla

“səni sevdim” deyə

özümü qınamamaq üçün

bəhanə axtarıram

tapmıram, avara…

tapmıram…

avara…

 

6.

Rəfiqəm  Dəniz ev telefonumuza zəng edəndə axşam saat on bir olardı. Səsində həyəcan vardı. Cingiltili səsilə dayanmadan, mənasını tam anlamadığım cümlələr deyirdi.

– Bir dayan görüm, heç nə başa düşmürəm. Nə olub axı?

–Qoy bir az su içim. Gözləyirsən?

–Hə, iç.

Torpaq gəldi. “Kimdi o?” – soruşub, narazılıqla başını yellədi. Astadan: “Dənizdi” –dedim. Telefonu məndən alıb, dəstəyi asdı. Gözlərim bərələ qaldı.

–Neynirsən? Pisdi halı. Nəsə vacib sözü vardı…

Belimdən tutub özünə sıxdı:

– Səni istəyirəm.

–Elə indi? Bəlkə Dənizin bir problemi çıxıb, bəlkə nəyəsə ehtiyacı var?

– İndi mənim sənə ehtiyacım var…

Gözü dönmüş kimiyidi. Təşviş qarışmış süni qızğınlığı çılğın ehtirasıdan ayıracaq qədər ağlım, intuisiyam vardı . Boynumdan öpürdü. Soyuqluğumu duydu, ya yenə də ürəyimdə dediklərimi eşitdi, nədənsə, dayanıb gözlərimin içinə baxdı. Orda nələr gördüsə, telefonun şunurunu dartıb qırdı, “İndi daniş…” – deyib, yataq otağına getdi.

Mən mobil telefonumu götürüb Dənizə zəng eləmək istəyəndə mesaj gördüm. Rəfiqəmdən gəlmişdi: ”Məni Torpaq məcbur elədi. Məktub hələ də məndədir. Mənim bu işdə günahım yoxdu. İstəsən, gəl apar məktubu. Xəzri səni tərk eləməmişdi.Hamısını Torpaq quraşdırdı.Məni bağışla“.

Heç nə anlamadım. Zəng elədim. Dənizin telefonu məşğul idi. Yataq otağına getdim. Torpaq telefonla danışırdı. Məni görəndə sağollaşdı. Yenə Dənizi yığdım. Telefon xeyli çağırdı, Dəniz götürmədi. Sonra da telefonu söndürdü.

–Nəsə deyəcəksən mənə?

Acıqlı dilləndi:

–Yox!

7.

Məktub əlimdə, payız küləyinə düşən xəzəl kimi, titrəyirdi. Oxuduqca hər söz bıçaq kimi beynimə batırdı. Deməli, o məni tərk edib getməyibmiş. Xəzridən ayrı düşməyimin də, ondan sonra yaşananların da açarı-qıfılı bu məktubda idi. Torpaq bu məktubun mənə çatmaması üçün əlindən gələni edib, sonra da Dənizin əzablarını ovundurmaq üçün neçə müddətdən bəri dəridən-qabıqdan çıxıb. Dünya gözümdə alt-üst omuşdu. Hirsim-hikkəm yandırırdı içimi, ürəyim elə bil indicə yerindən çıxacaqdı. Sevdiyim , məni bir zaman sevgilimdən ayıran nadanın biri imiş.Qəzəbimi gücə çevirib ayaqlarıma vermişdim ki, evə tez çatım. Birdən başım gicəlləndi. Addım atıb divara söykəndim, elə ordaca yerə çöküb qaldım…

Gözümü açanda hər ikisi başımın üstəydi. Hərəsi bir əlimdən tutub, biri sağımda, biri solumda, dinməz dayanmışdılar. Əllərimi özümə çəkib üzümü örtdüm. Heç birini görmək istəmirdim.

–Mən səni qəbul eləyərəm…

–Bu alçağın yanında bir gün də qalmağa qoymaram səni.

Gözlərimi açmadan:

–İkiniz də çıxın otaqdan,  –dedim.

Elə bu an həkim içəri girdi.

– Həə, mamaşa özünü necə hiss edir?

Bir arzunun yerinə yetməsi növbəti arzuya çatmaq üçün pillədirsə,  ürəkdən sevindirir. Qalan bütün hallarda isə arzuların reallaşmasının sonu yalnız məyusluqdur…

 

BERTA

1.

“Bu qızın görkəmi evimin füsunkar dəbdəbəsinə uyğun gəlmir” — təsadüfən eşitdiyi bu cümlə rahatlığını əlindən aldı. Addım-addım pillələri endikcə o cümlənin vahiməsindən bədəni qızdırmalı kimi titrəməyə başladı. Özünü ələ almağa çalışdı. Ağlına gəldi ki, əlindəki sinidən bahalı qablar düşüb sınsa, ömrü boyu bu evdə işləsə də, ziyanı ödəyib bitirə bilməyəcək. Dayandı. Ömrü boyu… Bu evdə işləsə… Gülümsədi. Bayaq evin xanımı əri ilə danışanda  təsadüfən (təsadüfün zərurətin başlanğıc nöqtəsi olduğunu çox sonralar biləcəkdi) eşitdiyi cümlənin ürəyində açdığı yaranın göynərtisini qisas düşüncəsi ilə üfürüb azaltmaq istəyilə, əlindəkiləri siniqarışıq aşağı atdı. Qabların pillələrə dəyib sındıqca ətrafa səpələnməsi ilə könlünün qırıqlarına məlhəm sürtüldü elə bil. Həm də  bu evdə qalması üçün acı bir ümid yarandı. Aşağıdan xadimələr, yuxarıdan ev saibləri pilləkənə yığışdılar. O, əllərilə üzünü tutdu ki, gülümsədiyini görən olmasın. Xanımın “Rədd ol bu evdən, özü də həmişəlik” dediyini eşitdi…

Nifrət etdiyin, amma qalmağa məcbur olduğun yerdən qovulmaq nə ağır, nə alçaldıcı imiş. Bir yandan şorgöz sahibinin daimi təqiblərindən qurtulduğuna sevinmək istəyirdi, amma hara gedəcəkdi? Bacılarından xəbəri yox idi, üz tutacağı kimi-kimsəsi qalmamışdı. Bu lənətə gəlmiş böyük şəhərdə on yeddi yaşlı, cılız bir qızcığaz təkbaşına neyləyə bilərdi? Harda yaşayacaqdı? Nə ilə dolanacaqdı? Sızıltılı düşüncələri dönüb-dolanıb, isti bir yuvadan kimsəsizliyə, ordan da bir parça çörəyə adlayanda çörəkçi oğlanı xatırladı. ”Bəlkə, o kömək edər?! Heç olmasa, bir neçə gün qalmağa yer tapar…” Həmişə onunla mülayim danışar, yumşaq davranardı, üzü də elə hey gülərdi. Pis adama oxşamırdı. Ən qorxulusu qeyri-müəyyənlikdir. Hara gedəcəyini qətiləşdirəndən sonra elə bil, azca rahatladı.

Otağında əşyalarını toplayanda beynində hərlənən onlarla fikrin içindən biri ilişib ləngidi: axı o bu evdəki bütün işçilərdən, lap evin xanımnın özündən də gözəldir…

Dar, yarıqaranlıq, xırda pəncərəli otağının nəm divarındakı ləkəli, köhnə güzgüdə özünün badamı, mavi gözlərinə, ipək kimi yumşaq, uzun sarı saçlarına, boynunun, sinəsinin ağappaq dərisinə, çəhrayıya çalan yanaqlarına diqqətlə baxdı.  “Füsunkar dəbdəbəsinə uymurammış!.. Axmaq ifritə! Özünün gombul, yöndəmsiz bədənindən, qurbağa gözlərindən, donqar belindən xəbəri yoxdu, yəqin!” Sonra fikirlərini də boxçasındakı əşyaların arasına qoyurmuş kimi yığıb-sahmanlayıb, darvazaya yönəldi.

Paxıllıq insanları ən azı pərəstiş qədər cılızlaşdırır. Bir xanımın qulluqçunun aşkar gözəlliyini danıb ona “eybəcər“ deməsi qısqanmasının, həsəd aparmasının aşkar sübutudur. Belə qısqanclıq istənilən adamın qiymətini bir anda qara qəpiyə endirə bilər. Hətta evdə Bertayla yola getməyən qulluqçular da, xanımın onun gözəlliyindən, daha doğrusu, ərinin bu gözəlliyə biganə olmamasından qorxduğunu bilirdilər.

Həyət qapısına çatanda dönüb evə baxdı, hər kəs pəncərələrdən onun gedişini izləyirdi. Kiminsə getməsini izləmək orada qalanlardan biri olmaqdan daha çətin gəlir bəzən…

Xüsusən də, birinci mərtəbədəki mətbəxin pəncərəsindən baxan, bu evdə onun yeganə qayğıkeşi olan Stella xalanın — evin aşpazının bütün məyusluğunu, üzüntüsünü öz canında hiss edirdi. Yazıq qadın, ev yiyəsinin qorxusundan onunla sağollaşmağa da çıxa bilməmişdi.

Deyirlər, yetimin bəxti olsaydı, heç yetim qalmazdı. Megi həmişə deyərdi ki, hər çətinliyin ardında bir sevinc var. Sadəcə, o an biz bunu anlaya, daha doğrusu, buna inana bilmirik. Tanrının ayrı-ayrı sınaqları önümüzə niyə çıxardığını çox sonralar başa düşürük. Çox adam daima deyinməkdən, taleyinə lənət oxumaqdan macal tapıb sınaqlar yolu ilə ona, ruhuna öyrədilənləri, vəd edilənləri dərk  edə bilmir. “Evdən qovulmağımın yaxşı tərəfi nə ola bilər? Ən azından, o axmaq Mr. Consun hər addımda mənə toxunmaq cəhdlərindən qurtulmuşam, alçaldılmaqdan, həsəddən uzağam. Hə, bir də, yaxşı ki, indi yaydı, lap uzağı, bir ağacın altında da yatmaq olar. Bəs qış olsaydı, neynərdim?  Əlim-ayağım salamatdı, heç yanım ağrımır, baxmalı olduğum xəstəm yoxdu…” Bu fikirlərlə canındakı narahatlığı səngitməyə çalışırdı. Özünü bu sayaq ovundura-ovundura, bir də baxdı ki, ayaqları onu çörək dükanına gətirib. Son tərəddüdlərinin üstünə “başqa çarəm qalmayıb” — deyə çəmkirib, içəri girdi. Bred onu görən kimi yanına gəldi. Əlindəki boxçanı görəndə gülümsər üzündəki həlim ifadəyə bir az təəccüb qarışdı.

–Məni qovdular… Qalmağa yerim yoxdu. Sizin dükanda qala bilərəm, özümə yeni iş tapana qədər?..

Hər cümlə fərqli bir rəng kimi oğlanın simasına yeni ifadə, gözlərinə təzə işıq dalğası yaydı. Berta danışdıqca oğlan onun təsəvvüründə məsum məxluqdan yırtıcıya, dovşandan pələngə çevrilirdi. Sonra da o təbəssüm. O tanış təbəssüm. Hə, xatırladı, əmisi… O da camaat arasında insan maskası taxır, ara seyrəlib təklikdə qalanda bu cür murdar baxışların, iyrənc təbbəsümün müşayiətilə yırtıcıya dönürdü.

 

Bütün kənd onların ailəsinə hörmətlə, hətta aşkar qibtəylə yanaşırdı. Atası əsil-nəcabətli zadəgandı, anası da zəngin, nüfuzlu nəsildəndi. İki böyük bacısı, yenicə doğulmuş bir qardaşı vardı. Üçmərtəbəli, divarlarına ağ-qırmızı qızılgüllər sarmaşmış, geniş pəncərələri olan, səliqəli, sadə, ancaq cox zövqlə bəzədilmiş mülkdə yaşayırdılar. Valideynləri olmayanda bacıları ilə birgə dayələrin əlindən sıyrılıb qaçmağı, ucsuz-bucaqsız meyvə bağlarından keçib, evin arxa səmtindəki meşəyə yüyürüb orada oynamağı çox sevirdilər. O meşə uşaqlara xas bəxtəvərliyin, qayğısızlığın unudulmaz anları ilə yadında qalmışdı. Bir də, hələ də ruhunda dolaşan xoş ətri ilə. Bağçalarındakı sünilik meşədə yoxdu. Təmiz, yaşıl ot əvəzinə, nəm, orda-burda tapdalanıb bir az soluxmuş otların, çiçəklərin, payızda isə xəzəllərin üzərində qaçmaq, oynamaq başqa aləmdi! Dayələri onları azmaqla, itməklə qorxutsalar da, meşədəki sərbəstlik, xoş ətir yenə də oraya çəkirdi balacaları. Həm də meşə onların “kiçik xanım“ yox, adicə uşaq ola bildikləri yeganə yer idi. Burda bərkdən danışmalarına, bildikləri mahnıları qışqıra-qışqıra oxumalarına, yerdə oturmalarına görə kimsə onları danlamırdı. Üstəlik də, yaxınlıqdakı kənddən gələn, onların yaşıdı  ekiz qardaşlardan cürbəcür maraqlı şeylər öyrənirdilər. Zəhərli göbələyi yeməlisindən ayırmağı öyrənmək Meginin saatlarla haqqında söz açdığı antik dövr miflərindən qat-qat maraqlı idi. Bir gün də meşədə xeyli əylənəndən sonra evə qayıdanda həyətdə yad adamların toplaşdığını gördülər… Növbəti kübarlar məclisindən qayıdarkən at yoldan çıxıb dərəyə yuvarlanmışdı… Berta yetimliyin necə ağır olduğunu, uşağı bir gündəcə imtiyazsız, diqqətdən, nəvazişdən uzaq, həyatın sərt sifəti ilə üzbəüz qoyduğunu dərk etmirdi, onda hələ cəmi 15 yaşı vardı. O gündən Berta ilə  bacıları “kiçik xanım”dan yetimə, qəddar əmisi onlara qalmış var-dövləti mənimsəyəndən sonra isə qulluqçuya çevrildilər. Əmiləri şərt kəsmişdi: “Əgər körpə qardaşınıza qəyyumluq etməyimi istəyirsizsə, könüllü qulluqçuluğa getməyə razılıq verməlisiz!”

3.

Taleyin qəribə dönüşləri olur, bunlara Tanrının məzəli oyunları da deyə bilərik. Dayəsi Megi həmişə deyərdi ki, Qəza ilə Qədəri qarışdırmaq olmaz. Sən Qəzadan yayınmırsansa, buna Qədər neyləsin?! Bred üstünə cumanda Berta zorla onun əlindən qurtuldu. Hara qaçdığını bilmirdi. Yüyürə-yüyürə  küçələri keçirdi. Qəflətən sinəsində küt ağrı hiss etdi. Gözü qızmış çörəkçiylə əlbəyaxa olanda da əlindən buraxmadığı boxçasını indi bu ağrının təsiriylə yerə saldı. Anasının tək yadigarı — saxsı Qu quşu  düşüb sındı… Səsindən bildi bunu… Pilləkəndə sındırdığı qabların qisası alındı ondan. Fikir vermişdi, nədənsə xırda səhvlər tez cəzalandırılır, iri günahlarsa nə qədər ağır olsa da, çox gec qarşılığını alırdı. Qəza… Qədər… Bred onu zorlamaq istəməsəydi, Berta qaçmasaydı, bəlkə heç vaxt Stefanla qarşılaşmayacaqdı.  Hər gün minlərlə insan toqquşur yolla gedəndə, əşyaları düşüb sınanlar da  nə qədər desən… Bunda qəribə nə var ki?! Ancaq yox, qəribəlik vardı bunda. Qəribə burasıydı ki, yolda toqquşduğu adam başqa birisi yox, onu evdən qovan xanımın yeganə, sevimli qardaşı Stefan idi. O qədər də yaraşıqlı deyildi. Tünd-kürən saçları, iri qəhvəyi gözləri, buğdayı dərisi vardı, bəstəboy,   orta yaşlı bir kişiydi. Səyyah kimi şəhərdə ad çıxarmışdı. Dünyanın dörd bir tərəfini, həm quru, həm də su yoluyla gəzib-dolaşmışdı. Gəncliyindən bəri ömrü yollarda keçmişdi. Qəribə deyilmi ki, 4 ildən bu yana bacısını görməyən Stefan məhz madam Elza hirslənib Bertanı evdən qovdugu gün şəhərə qayıtmış, bacısı ilə görüşmək üçün birinci onlara yollanmışdı. Yolda arabanı saxlatdırıb düşmüş, Temza sahilində dayanıb doğma yerlərin seyrinə dalmaq, sonra da dəniz səyahətinin ardınca, torpaqda addımlayıb ayaqları açılışsın deyə, yaxşıca gəzişmək üçün bacısıgilin malikanəsinə piyada yollanmışdı. Madam Elzagilin evinə çathaçatda isə o, indicə evdən qovulan, malikanədən fikirli çıxan, ilahə Venera qədər gözəl bir qızla toqquşmuşdu.

Stefan Bertanın qulluqçu olduğunu biləndə duyğuları bir az ayazımışdı, ancaq sonradan öyrənəndə ki, zadəgan ailəsindən çıxıb, tərəddüd etmədən ona evlənmə təklif etmişdi. Bacısının sərt müqavimətinə, təhdidlərinə, lap axırda isə yalvarışlarına məhəl qoymayıb, Bertadan “hə” cavabı aldıqdan sonra ailə qurmuşdu.

4.

     Stefan Bertaya az qala bütün dünyanı gəzdirdi. Övladları oldu, uzun zaman şad-xürrəm yaşadılar. Əri vəbadan öləndən bir müddət sonra Elza var-dövlətinin axırına çıxdı, səfil hala düşdü. O biri qardaş-bacıları yaxın qoymadılar, o da məcbur olub Stefanla Bertanın evinə  sığındı.

Elza çox sevinirdi ki, Berta keçmişdə olanları unudub. Bertanın xoş rəftarı Elzanı utandırır, bir vaxtlar ona etdiklərinə görə çəkdiyi xəcaləti, peşmançılığı günbəgün artırırdı.

Sərin bir yay axşamında Elza Bertanın kiçik oğlunu gəzməyə çıxarmışdı. Berta isə neçə il əvvəl əmisinin əclaflığı üzündən itirdiyi, amma sonralar sevimli ərinin yüksək rütbəli tanışlarının köməyilə axtarıb tapdığı bacısı ilə həyətdə söhbətləşirdi. Elzanı uzaqdan görüb etdiyi söhbətə dəxli olmayan sözlər deməyə başladı, həyətdəki bəzək kollarının o tayındakı  baldızına səsini eşitdirəcək səslə:

–Onun görkəmi mənim evimin füsunkar dəbdəbəsinə uyğun gəlməsə də, Stefan inciməsin deyə, o ifritəyə dözürəm, burda qalmasına icazə verirəm. Elə bilirdi, yetimi çörəksiz qoymağın, qəlbini sındırmağın cəzasını çəkməyəcək. Budur e, görürsən, indi it kimi saxlayıram onu qapımda…

Axşam Elzanın intihar xəbərini eşidən hər kəs buna mat-məəttəl qalmışdı.

Bircə Berta əllərilə üzünü tutmuşdu ki, gülümsədiyi görünməsin. Bir gün həmin cümləni Elzaya yedirəcəyini özünə söz vermişdi. İllər keçəndən sonra sözünə əməl etmiş, üstəlik, o bircə cümlə ilə keçmiş xanımının həyatına son qoymuşdu.

5.

 

Həyatının sonunu nimdaş, tör-töküntü bir yerdə — qocalar evində keçirən Berta öz xoşbəxtliyinin Elza ölən gündən yox olmasının səbəbini bir gün səhər yeməyi zamanı qəfildən anladı. O, əvvəllər ailəsinin dağılmasında Stefanın məşuqəsini, uşaqlarının nankorluğunda isə dayələri günahlandırırdı. Axır ki, indi əsl səbəbi anlamışdı: “Qisas — başqasından gördüyün pislikləri öz həyatına daşımaqdır”. Bu cümləni təkrarlaya-təkrarlaya çarpayısına tərəf addımlayırdı. Ancaq çarpayıya qədər gedə bilmədi…

berta

Fədakarlığın fəsadları haqda roman

Əzimə Ağalarovanın “Təyyarə qanadında uçan ruh” romanı haqda qeyd.

24.02.2016. 01:30

Mənə görə, yaxşı kitab ələ yapışıb qalandır. Bir roman oxuduğun zaman onun sonu səni maraqlandırır və narahat edirsə, qəhrəmanın taleyinə biganə qalmırsansa, deməli, əsər ən azından sənin üçün uğurlular siyahısındadır.

Əzimə Ağalarovanın “Təyyarə qanadında uçan ruh”  364 səhifəlik romanını su çərşənbəsində oxudum. Müəllif İsveçrədə yaşasa da, Bakıda kitabın təqdimat mərasimini keçirmişdi. Tədbirdə romanın təxmini məğzini anlamışdım, açığı mövzu mənə sadə və maraqsız gəlmişdi. Buna görə də oxumaq üçün əlim romana uzanmırdı. Üstəlik,  parlament seçkiləri  ərəfəsində heç roman oxumağa vaxt da tapmırdım. Elə Zərdab- Bakı yolunda bu kitab mənimlə var-gəl edirdi. Yolboyu vəkillərimlə nələrisə müzakirə edir, ya da çox yorğun olurdum deyə, oxuya bilmirdim.

Bəzi hislər var. Onlardan danışmaq, duyğuların ilahiliyini itirir. Anladım ki, bu romanı sadəcə oxumaq gərəkdir, ondan danışmaq yox.

Dünən bir tanışım zəng vurub dedi ki, xəstə birinin müalicəsi üçün sosial aksiya edirlər, evdə oxuduğum kitablardan satış üçün onlara bağışlamaq istəyib-istəməyəcəyimi soruşdu. Məmnuniyyətlə razılaşdım. Bunun üçün kitabxanımı gözdən keçirərkən, Əzimə xanımın imzalı kitabı əlimə keçdi. Oxumağa başladım və gecə ikinin yarısı kitabı bitirdim.

Özü də  bayram olmasına baxmayaraq, gərgin idim. Bu bayram həyatımla bağlı çox ciddi qərar qəbul etməli idim.

Romanın Laləsi… balasından, özündən keçəcək qədər kimsəsiz, amma güclü qadın idi. Bəlkə də zəif. Özünü fəda edən insanları heç vaxt sevməmişəm. Düşünmüşəm ki, özünə ən böyük dəyəri verən adamlar yaxşı həyata layiqdirlər. Məncə, Lalə nə Sərdara, nə də Henriyə onunla bu cür davranmaqlarına imkan verməli idi. Vəfa bocu deyə bir şey yoxdur. Sərdar borc olsun deyə yox, sevdiyi qadınla həyat qursun deyə onu evinə gəlin gətirmişdi. Henri də kömək üçün yox, idealı Ququşu Lalənin simasında tapıb, heç vaxt dadmayacağı atalıq duyğusunu bu yetim qızcığazın sayəsində qazanmışdı.Yəni nə Lalənin nə də onların bir-birlərinə borcu var idi. Hər üç insan verdiyi qədər də qazanmış, aldığı qədər itirmişdi.

Bəzən düşünürəm ki, bütün yaxşılıqların bədəli pislikdir. Ona görə nə edəndə, nə də kimdənsə yaxşılıq görəndə buna borc kimi yanaşmaq olmaz. “Yaxşılıq edirəm, etdi” fikirləri xoş əməlin enerjisini bitirir.

Bədəninin harada olmasından asılı olmayaraq, hər insan qəlbi harda döyünürsə, ordadır.  Laləni bircə ona görə sevdim ki, ürəyinin apardığı yola getdi. Uduzsa da. Zənnimcə, ona görə uduzdu ki, uzun müddət ürəyindən gələn səsi susdurmağa çalışdı.

Romanın sadə dili məni əsərin süjetinə həbs etdi. Bitirməsəm, yata bilməzdim. Bu isə, yazarın oxucunu ram etməsi deməkdir.
Kitab mənə öz həyatımla bağlı qərar verməyimə də kömək etdi. Fədakarlıq – heç bir halda qiymətləndirilmir. Üstəlik, kiməsə, nəyisə fəda edəndə şüuraltında o insana qarşı kin, nifrət yaranır. Mən də beynimdəki tərəddüdləri susdurub, ürəyimlə seçim etdim.

Baxdığı filmləri danışan adamlar kimi, süjeti danışıb, sehri pozmayacağam. Fədakarlığın, minnətdarlığın və avami saflığın yaratdığı fəsadlardan agah olmaq üçün, alıb, oxuyun.

Müəllif təqdimatdakı çıxışında və müsahibəsində “romanda mentalitetə zidd” məqamlar olduğunu vurğulamışdı. İllər öncə vətəndən getmiş xanım yazar son illər ərzindəki romanlardakı “mentalitetə üsyan” məqamlardan xəbərsizdir, görünür. Sadə üslubda yazılan əsər, mədəni və mənən əxlaqını dəyər bilib, qoruyan azsaylı insanların telayinə səfərdir.

Və sonda… Ən mərhəmətli qatillər  yazıçılardır.

AAGX

xzl01-06

sözün qurbanları

 

əvvəldə «söz» vardı, indi «heç nə» var

o qədər sözlərə basdırıldıq ki

yaşamaq yerinə

duymaq yerinə

düşünmək, danışmaq, söz yedi bizi

o qədər sözlərdə pənah gəzdik ki

yandırdı hər kəsi umduğu yeri

beyinlər sözlərə mismarlanandan

canlılar aşındı adamlığından…

toxunmaq, qoxlamaq, baxmaq, dadmağı

eşitmək və demək bayağı etdi

ruhda cilalamış hislərimizi

yedi insanlığın

söz adlı divi…

berqman

*

«Ailə səhnələri (Berqman 1973) filmindən təsirlənərək

 

bir cüt söz

tullamışam bir cüt sozu
həyatımdan həyatına
yorulmuşam göstərişdən:
“get yanımdan”, “gəl yanıma”
unutmuşam dadın tamın
doğru düzgün yaşamağın
sən qədrimi bilmədikcə
mən dəyərimi anladım
bir cüt sözü kəsmək üçün
mübarizə edənlərin
ayağında qurban kəsdim
sizi, sizi sevdiklərim…!

qutular

 

Axşamın altısı ,

tələsir insanlar  hamısı ,

qutudan qutuya qaçır can…

Azadlıq qayğılara əsir,

arzular imkanların önündə müqəssir.

Səmaya baxıram , deyəsən susuram ucadan:

-Neynirəm görəsən burda mən?!

Mən ki qutulara aid deyiləm…